Saraydakı partlayışda bir nəfər yaralanıb, binaya və avtomobilə ziyan dəyib - YENİLƏNİB-4

Saraydakı partlayışda bir nəfər yaralanıb, binaya və avtomobilə ziyan dəyib - YENİLƏNİB-4 Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.
Hadisə
25 Fevral , 2024 01:15
Saraydakı partlayışda bir nəfər yaralanıb, binaya və avtomobilə ziyan dəyib - YENİLƏNİB-4

Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerindən çıxması nəticəsində binanın sərnişin və yük liftlərinin qapıları deformasiyaya uğrayıb.

Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

00:35

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə atılıb və liftin şaxtası müəyyən qədər deformasiya olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov “Report” un yerli bürosuna məlumat verib.

Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub.

“Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub".

2024-02-24 23:11

24.02.2024-cü il tarixində saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

22:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində ev sakini Həsənzadə Fidan Anar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

22:00

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi