Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsində mərhumun arvadı ifadə verib

Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsində mərhumun arvadı ifadə verib Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 Aprel , 2018 12:59
Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsində mərhumun arvadı ifadə verib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Onların hər ikisi özlərini təqsirli bilib, lakin heç biri ifadə vermək istəməyib və hər şeyin istintaqda yazıldığını qeyd ediblər.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Balayeva ifadə verərək bildirib ki, mərhumun həyat yoldaşıdır. O söyləyib ki, həmin şəxslər ərinin əlini-qolunu bağlayıb heç nəyin üstündə vəhşicəsinə öldürüblər: "Uşaqlarım yetim qaldı. Evin yeganə gəlir yeri yoldaşım idi. Hazırda qaynatamla yaşayırıq".

Təqsirləndirilən E.Rəsulov bildirib ki, mərhum söyüş söydüyü üçün onu vurub.

Hüquqi varis təqsirləndirilənlərə ən ağır cəza verilməsini tələb edib.

Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan A.Balayevi yumruq-təpik zərbələri vuraraq qətlə yetirib.

E.Rəsulov ilkin ifadəsində dostunu sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi bildirilir.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi