Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudiyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.
Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.