Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.
Məlumata əsasən, ekspertlər faciə yerində tapılan “qara qutu”nun üzərində işləyir və hadisə yerində 24 saatlıq növbə təşkil edilib.
FHN-dən bildirilib ki, fəsadların aradan qaldırılmasına 306 nəfər, 101 texnika, 2 hava gəmisi və 6 kinoloq briqadası cəlb edilib.
Qazaxıstan Tibb Mərkəzinin psixoloqları Aktauya gələn qəza qurbanlarının qohumlarına yardım göstərirlər.
FHN-dən bildirilib ki, qaynar xətt və təcili psixoloji yardımın əlaqə nömrələrinə 1032 müraciət daxil olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.