​Prokurorluq evlərdən 1 milyon manatlıq oğurluğa görə bəraət alan şəxslərin işi üzrə apellyasiya protesti verib

​Prokurorluq evlərdən 1 milyon manatlıq oğurluğa görə bəraət alan şəxslərin işi üzrə apellyasiya protesti verib İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq
Hadisə
9 May , 2016 13:27
​Prokurorluq evlərdən 1 milyon manatlıq oğurluğa görə bəraət alan şəxslərin işi üzrə apellyasiya protesti verib

Bakı. 9 may. REPORT.AZ/ Bakıda bir çox oğurluq və quldurluq etməkdə təqsirləndirilən İsmayıl Ümid oğlu Qəhrəmanov, Zaur Namaz oğlu Namazov və Fərid Quncəli oğlu Əlibəyov barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 10-na təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Astara rayon sakini, 1995-ci il təvəllüdlü İ.Qəhrəmanov 2013-cü ildə Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. 17 yaşlı İ.Qəhrəmanov Bakının müxtəlif rayonlarında onlarla evi qarət edib. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, o, təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib. Sonrakı araşdırmalarla peşəkar oğrunun başqa rayonlarda da çoxsaylı mənzilləri talaması məlum olub. Cinayət əməllərinə 2011-ci ildən başlayan İ.Qəhrəmanovun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. İstintaq, həmçinin müəyyən edib ki, İ.Qəhrəmanovun ələ keçirdiyi sərvət 1 milyon manat civarında olub.

İ.Qəhrəmanovla yanaşı, 1983-cü il təvəllüdlü Z.Namazov və 1988-ci il təvəllüdlü F.Əlibəyov da oğurluqda təqsirləndirilərək, saxlanılıb. Lakin hər iki şəxs barəsində başqa yerə getməməklə bağlı iltizam tədbiri seçilib.

İ.Qəhrəmanov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə), 326.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) və Z.Namazovala F.Əlibəyov isə 32.5-ci (iştirakçılığın növləri, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il fevral ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Z.Namazov və F.Əlibəyov barəsində isə bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan zərərçəkmiş şəxslər İlqar Zülfüqarovla İlqar Ağayev apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi