Bakı. 12 iyul. REPORT.AZ/ Baş Prokurorluq Bakıda xuliqanlıq hərəkəti etmiş şəxslə bağlı rəsmi məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
“Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib”, - E.Sultanov əlavə edib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Rüstəm Orucov Novruzəli Orucovun oğludur.
Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.