Mənzilləri saxta sənədlə başqa şəxslərə satan kooperativ sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinə əsasən, Hüseyn Əsgərovun “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.