Masallıda yaşayış olmayan evdən 10 min manatlıq oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Boradigah qəsəbəsində yerləşən və hazırda yaşayış olmayan evlərdən birindən 9 min manat dəyərində qızıl-zinət əşyalarının və min manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Boradigah qəsəbə sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Mircəlal Ağayev və Murad Bağırov müəyyən edilərək saxlanılıblar.
Oğurlanan qızıl-zinət və məişət əşyaları aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.