Gəncə şəhərində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.
"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.
Belə ki, əsən güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində 50-dən artıq iri gövdəli ağaclar aşıb, bəzi ağacların isə budaqları sınıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.
Bununla yanaşı, şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Yola düşən dam örtüyü Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xüsusi texnikaları vasitəsilə götürülüb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. Güclü külək eyni zamanda 3 evin də dam örtüyünü dağıdıb.
Şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb. Bunun da səbəbi iki istiqamətdə yüksək gərginlikli xəttin qırılması olub. Baş vermiş qəza aradan qaldırılıb və şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib.
Qeyd olunur ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq MKTİB-nin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər yekunlşamaq üzrədir