Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb - YENİLƏNİB-2

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb - YENİLƏNİB-2 Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.
Hadisə
31 Yanvar , 2023 09:44
Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb - YENİLƏNİB-2

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində  keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

30.01.2023.22.36

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatlar məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib. Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb. 

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

21:54

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi