Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.
İdarənin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli "Report"a bildirib ki, paytaxt ərazisində DYP tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
O deyib ki, bu kimi növbəti tədbir paytaxtın Yasamal rayonunda keçirilib: "Tədbirlər əsasən, dayanma-durma qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparmaqdır. Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini təyin edilmiş yerlərdə, dayanma-durma qaydalarına riayət etməklə park etsinlər. Onlar avtobus zolaqlarında nəqliyyat vasitələrini qeyri-qanuni park edərək ictimai nəqliyyata maneçilik törətməsinlər. Sürücülər bilməlidirlər ki, nəqliyyat vasitələrinin düzgün qaydada park edilməməsi süni sıxlıqların yaranmasına, digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmasına maneəçilik törədir”.