Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.