Cəbrayılın icra başçısı: "Orda nə kimsə təhqir olunub, nə də bir adama artıq söz deyilib" - MÜSAHİBƏ

Cəbrayılın icra başçısı: "Orda nə kimsə təhqir olunub, nə də bir adama artıq söz deyilib" - MÜSAHİBƏ Mahmud Quliyev: "Orda mən ancaq öz qohumuma demişəm ki, axmaq köpək oğlu burda nə axtarırsan..?"
Hadisə
14 Yanvar , 2016 13:41
Cəbrayılın icra başçısı: Orda nə kimsə təhqir olunub, nə də bir adama artıq söz deyilib - MÜSAHİBƏ

Bakı. 14 yanvar. REPORT.AZ/ Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin "Report"a müsahibəsi:

- Mətbuatda və sosial şəbəkələrdə sizinlə bağlı video yayılıb. O videodakı görüntülər və səs sizə məxsusdur? 

- O səs mənə məxsus deyil. Əslində məsələ başqa cür olub. Bir qrup adam yola yığışmışdılar. Həmin hadisədən əvvəl bizim sahibkarlarla görüşümüz olmuşdu. Həmin görüşdə mən özüm sahibkarla devalvasiya ilə bağlı söhbət aparmışam. Hər şey qaydaya düşmüşdü. Sonra mənə bildirdilər ki, orda-burda bəzi qüvvələr var və nəsə etmək istəyirlər. Onların hamısı alkaş, narkomandılar. Hardasa 15-20 adam var idi. Onlar mənim həmin yerə  gəlməyimi tələb edirdilər. Mən də getdim, onları yoldan kənara çəkdim, söhbət etdik. Orada çox səmimi söhbət oldu.

Günel Mövlud adlı bir nəfər var. O, həmişə mənimlə bağlı həqiqətə uyğun olmayan, yalan məlumatlar yayır, yazılar yazır. Mən onun barəsində danışmaq istəmirəm. Qoy o, nə danışır danışsın. 

- Bu hadisələr nə vaxt baş verib?

- Bütün bu hadisələr yanvarın 13-də olub. Kimsə yazı yazırsa, məlumat yayırsa məsələni gərək yerində araşdırsın. İndi hamının əlində telefon var, götürüb çəkirlər, sonra da onu şişirdirlər. 

Orda nə kimsə təhqir olunub, nə də bir adama artıq söz deyilib. Orda səmimi söhbət olub. Qanmazın birinə demişəm ki, sən qədir bilən deyilsən, həmişə gəlib məndən pul alıb gedirsən, araq alıb içib camaatı təhqir edirsən. Bunu bir adama demişəm. Burda nə təhqir var? Mənim nə ixtiyarım var adamı təhqir eliyim? Deyir, söymə nökər dədəmi söyərəm bəy dədəni. Orda mən ancaq öz qohumuma demişəm ki, axmaq köpək oğlu burda nə axtarırsan..?

- Yəni o videodakı sözləri öz qohumunuza demisiniz? 

- Bəli, öz qohumuma demişəm. Köpək oğlu bizdə adi söz sayılır. 

Cəbrayıllıların aksiya keçirməsi, yol bağlaması haqda deyilənlər yalandır. Bunların hamısı dövlətə qarşı çıxan müxtəlif qüvvələrin törətdiyi təxribatlardır. Bunlar həmişə dövlətin yardımından yararlanıb, sonra dövlətə qarşı çıxan adamlardır. Onlar da öz paylarını almalıdır və aldılar da. Burada heç bir ajiotaj yoxdur. 

- Deyirsiz ki, sizin fikirləriniz təhrif olunub. Hadisənin araşdırılması ilə bağlı rayonun hüquq-mühafizə orqanları araşdırma aparırmı? Bununla bağlı göstəriş vermisinizmi? 

- Bütün hüquq-mühafizə orqanları ordadı. Orada iştirak edənlərlə səmimi söhbət aparılıb. Dövlətə qarşı çıxanlarla bağlı inzibati tədbir görüləcək.

- Həmin insanlarla yenidən görüşmüsünüz? 

- Bu gün hamısını qəbul etmişəm. Gəlib üzr istədilər. Bildirdilər ki, səhv eləmişik. Bütün məsələləri yoluna qoyduq, orda iştirak edənlərdən biri Müsavat Partiyasının üzvü Vahid Əhmədli idi. Gəldi üzr istədi, dedi ki, bir də belə səhv etməyəcəm. Sonra da çıxıb getdi. 

Son xəbərlər

Orphus sistemi