Bu il Azərbaycanda 6300-dən çox qanunsuz miqrant saxlanılıb, onlardan 2331-i ölkədən məcburi çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 6306 əcnəbi və vətəndaşlığı olmayan şəxs saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2331 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.
Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 15163 inzibati qərar qəbul edilib. Həmçinin, qanunsuz miqrasiyanın təşkili və insan alveri ilə bağlı aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.