Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alan 33 nəfərdən 27-i evə buraxılıb - YENİLƏNİB-4

Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alan 33 nəfərdən 27-i evə buraxılıb - YENİLƏNİB-4 Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.
Hadisə
23 Noyabr , 2023 19:53
Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alan 33 nəfərdən 27-i evə buraxılıb - YENİLƏNİB-4

Bərdə rayonunun Yeni Daşkənd kəndində döşəmənin çökməsi nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 33 nəfərdən 27-i tibbi xidmət göstərildikdən sonra evə buraxılıb.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən şəxslərdən xəsarətlərindən ağırlıq dərəcəsinə uyğun olaraq 5 nəfəri palataya yerləşdirilib.

Vəziyyəti nisbətən ağır olan bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.

17:59

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

15:21

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb: "Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".

14.23

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı ölən şəxs Məmmədova Sarıtel Abbasəli qızıdır.

13.51

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi