Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.