Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-9

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-9 “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Hadisə
26 Mart , 2019 15:02
Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-9

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.  

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb. 


*** 14:43

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın lokallaşdırılıb. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının tam söndürülməsi üçün işlər davam etdirilir. 


*** 13:00

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. 

“Report”un məlumatına görə, bu barədə FHN məlumat yayıb. 

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.


*** 12:02

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.


*** 11:44

Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb. 

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.


*** 09:41

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.


*** 09:27

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.


*** 09:14

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb. 

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


*** 08:47

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyyə edilirlər. 

Son xəbərlər

Orphus sistemi