Bakıda fabrikdə yanğın söndürülüb, xəsarət alanlar var

Bakıda fabrikdə yanğın söndürülüb, xəsarət alanlar var Bakıda yanğın hadisəsi baş verib.
Hadisə
5 İyul , 2020 06:15
Bakıda fabrikdə yanğın söndürülüb, xəsarət alanlar var

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb. 

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib.

Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.


***03:55

Bakının  Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən alınıb.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.


***01:55

Bakının Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürənlərdir.

Yanğının söndürülməsinə 300 nəfər və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.  


***23:50

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.


***23:25

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən "Report"a bildirilib ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.


***22:15

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin digər aidiyyəti rəhbər şəxsləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğının baş verdiyi əraziyə gəlib. 

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.


***21:40

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.

“Report”un məlumatına görə, partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.


***20:32

Bakıda boya fabrikində yanğın başlayıb.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinin sexində yanğın başlayıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi