Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Agentlikdən "Report"a bildirilib ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Həmin ərazidə məcburi köçkünlər üçün tikilməkdə olan yaşayış sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 1 ədəd partlamış UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının və partladıcıların ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.