Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var

Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Yeni Suraxanı ərazisində ictimai-iaşə obyektləri və nəqliyyat vasitələrində peyvənd olunmayan, maskadan istifadə etməyən vətəndaşlarla profilaktiki söhbətlər aparıb, qaydaları pozan vətəndaşlara qarşı cəri
Hadisə
257
14 Mart , 2022 16:41
Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Yeni Suraxanı ərazisində ictimai-iaşə obyektləri və nəqliyyat vasitələrində peyvənd olunmayan, maskadan istifadə etməyən vətəndaşlarla profilaktiki söhbətlər aparıb, qaydaları pozan vətəndaşlara qarşı cərimə tətbiq olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report"a bildirib ki, xidməti sahədə çalışan bəzi şəxslərin COVID-19 pasportu yoxdur, bəzi obyektlərdə isə tibbi maskadan istifadə olunmur.

O deyib ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, inzibati tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, martın 5-dən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, həmin gündən etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Məhdudiyyətlərin ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır. Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.

Son xəbərlər

Orphus sistemi