Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub - YENİLƏNİB-3

Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub - YENİLƏNİB-3 Astarada sel fəsadlar yaradıb.
Hadisə
18 Sentyabr , 2023 14:11
Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub - YENİLƏNİB-3

Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub.

“Report”un cənub bürosunun məlumatına görə, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub. Subasmaya daha çox qəsəbənin Qurtuluş, Azadlıq, Sahib Kələntərov, Şəhid Baba Qasımov və Bəxtiyar Əliyev küçələrindəki həyətlər məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür.

11:48

Astara rayonunun 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Bu barədə “Report”un cənub bürosuna Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, vəziyyət getdikcə daha kritik həddə çatır. Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.

Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.

Həmçinin, 700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10, eni 4 metr olan dəmir körpünü sel aparıb.

Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb.

Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.

Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb.

11:07

Fövqəladə Hallar Nazirliyi (FHN) Astara və Lənkəran rayonlarında sel hadisələri ilə bağlı məlumat yayıb.

FHN-dən "Report"a bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.

Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

09:46

Astarada sel fəsadlar törədib.

“Report”un cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.

Nəticədə Vaqo kəndində yerləşən körpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.

Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.

İlkin məlumatlara görə, artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Lənkəranda da Lənkəran çayının maksimum səviyyəyə qalxması müşahidə olunur. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolub.

Hazırda bölgədə intensiv yağış davam edir.

Son xəbərlər

Orphus sistemi