İlk xəbər 09:49-da yayılıb
Bakı. 29 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Abşeronda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.
"Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki, mayın 28-də saat 15:00 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birində, orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.
Faktla bağlı araşdırma aparılır.









