Zaur Axundov: "Yurçeviçin millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər"

Zaur Axundov: "Yurçeviçin millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər" “Bütün qruplara baxdıqda görürük ki, əsl “ölüm qrupu” bizdədir. Son tur öncəsi 3 komandanın 2-ci yeri tutmaq şansı hələ də qalır. Milli komandamızdan Slovakiya ilə görüşdə yaxşı oyun gözləyirik. Seçmə mərhələnin son matçıdır. İstərdik ki, millimizin timsalında baxımlı oyun görək”.
Futbol
19 Noyabr , 2019 10:35
Zaur Axundov: Yurçeviçin millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər

“Bütün qruplara baxdıqda görürük ki, əsl “ölüm qrupu” bizdədir. Son tur öncəsi 3 komandanın 2-ci yeri tutmaq şansı hələ də qalır. Milli komandamızdan Slovakiya ilə görüşdə yaxşı oyun gözləyirik. Seçmə mərhələnin son matçıdır. İstərdik ki, millimizin timsalında baxımlı oyun görək”.

Bunu "Report"un Bratislavaya ezam olunmuş əməkdaşına AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov Azərbaycan millisinin bu gün AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya qarşı keçirəcəyi oyun haqda danışarkən deyib.

46 yaşlı funksionerin sözlərinə görə, yığmanın E qrupunda 1 xal qazanmasının səbəblərindən biri qrupdakı komanda sayıdır: “İdmanda bəxt amili rol oynayır. Bizdən başqa qrupumuzda daha 4 rəqib var. Amma əksər qruplarda 5 deyil, 6 komanda mübarizə aparır. Biz də istəməzdik ki, yığmamız cəmi 1 xal toplasın. Amma bu mərhələ artıq bitmək üzrədir. Bundan sonra gələcəyə baxmalıyıq. İndi bütün diqqətlər Slovakiya ilə oyuna yönəlib. Qrupumuzun çox güclü olması millimizin çıxışına təsir göstərir. Özünüz də görürsünüz ki, 2 vəsiqə uğrunda Xorvatiya, Slovakiya, Macarıstan və Uels arasından əsl müharibə gedir”.

Axundov millinin baş məşqçisi Nikola Yurçeviçin yığmadakı fəaliyyətinə ilin sonunda qiymət veriləcəyini vurğulayıb: “İlin sonunda İcraiyyə Komitəsinin iclası olacaq. 2019-cu ilin yekunları müzakirə ediləcək ki, Nikola Yurçeviçin də millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər. Baş məşqçi seçmə mərhələ ilə bağlı hesabat verəcək. Komandamızın nəticəsi göz önündədi. Amma gəlin etiraf edək ki, bu gün millimizdə Yurçeviç yox, lap dünyanın ən yaxşı məşqçisi də olsaydı, bu cür güclü rəqiblərin yer aldığı qrupda uğur qazanmaq komandamız üçün çox çətindir. Hazırda əsas olan bugünkü oyundur. Yurçeviç futbolçuları toparlamalı və komandanı uğurlu nəticəyə kökləməlidir. Yurçeviç getsə də, qalsa da, bu milli bizimdir”.

"Keşlə"nin prezidenti son vaxtlar AFFA-ya qarşı təzyiqlərin artması ilə bağlı sualı da cavablandırıb: “Uğursuzluq olanda AFFA-ya qarşı təzyiqlərin çoxalması normaldır. Nəticələrə uyğun olaraq təzyiqlər arta da bilər, azala da. Əsas odur ki, haqlı, qərəzsiz tənqidlər olsun. Bilirik ki, bizi tənqid edənlərin də, dəstək verənlərin də hamısı millimizin uğur qazanmasını istəyir. Tənqidsiz iş olmaz. Mən idman jurnalistlərimizə təşəkkür etmək istərdim. Çünki haqlı tənqidlər, düzgün məsləhətlər komandamızın inkişafına xidmət edir. Azərbaycan futbolunun inkişafını ürəkdən istəyən hər kəs bizimlə birgə kədərlənir də, sevinir də. Bir sözlə, demokratik ölkədə yaşayırıq və haqlı tənqidlərin olması normaldır".

Qeyd edək ki, bu gün Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi