"Keşlə"nin futbolçusu: "Millidə oynadığım mövqeyə əcnəbi çağırılsa, mənə pis təsir edər" - MÜSAHİBƏ

"Keşlə"nin futbolçusu: "Millidə oynadığım mövqeyə əcnəbi çağırılsa, mənə pis təsir edər" - MÜSAHİBƏ Azərbaycan millisinin və Keşlənin futbolçusu Vüsal İsgəndərlinin Reporta müsahibəsi
Futbol
24 Fevral , 2020 09:28
Keşlənin futbolçusu: Millidə oynadığım mövqeyə əcnəbi çağırılsa, mənə pis təsir edər - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Keşlə"nin futbolçusu Vüsal İsgəndərlinin "Report"a müsahibəsi

- Premyer Liqanın XVIII turunda "Zirə"ni 4:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Matç bizim üçün çox yaxşı keçdi. İstədiyimiz nəticəni əldə edə bildik. Ardıcıl iki matçda məğlub olmuşduq, bu qələbəyə ehtiyacımız var idi.

- Son iki görüşdə "Səbail" və "Neftçi"yə uduzmuşdunuz. "Zirə" daha zəif rəqib idi? 

- Həmin oyunlarda istək çox az idi. Əslində bizim komanda ilə "Zirə" arasında fərq yoxdur. Onlar yaxşı rəqibdir, güclü və səviyyəli oyunçuları var.

- "Zirə"ni güclü komanda hesab edirsiniz. Rəqib iki oyuna 10 top buraxıb. Bu müdafiəçilərə qarşı oynamaq asan idi?

- Mən də bu klubda çıxış etmişəm. Onların müdafiəçilərinə qarşı oynamaq daha çətin idi. Müdafiə xətti ilk hissədə çox qapanırdı. "Zirə" hücumda çətinlik çəkirdi. Biz ilk iki qolu vurduqdan sonra daha rahat oynamağa başladıq.

- Qarşılaşmada baxımlı qola imza atdınız... 

- Bu qola ehtiyacım var idi. Həmin epizodda ilk olaraq ötürmə vermək istəyirdim. Cərimə meydançasında futbolçumuzun olmadığını gördüm və zərbə vurmağa qərar verdim. Baxımlı qol alındı.

- Millinin son rəsmi oyunlarında komandaya çağırılmısınız. Sizcə, yığmaya yerli, yoxsa əcnəbi baş məşqçi gəlməlidir?

- Bu, mənim qərar verəcəyim və ya fikir bildirəcəyim məsələ deyil. Hər kim olsa, öz üzərimə düşəni etməyə çalışacağam. Özümü yaxşı tərəfdən göstərib yenidən millidə olmaq niyyətindəyəm.

- Komanda yoldaşınız Sezar Meza Kollinin milliləşdirilməsinə münasibətiniz necədir? 

- Bu barədə çox adam fikir bildirib. Oynadığım mövqeyə hansısa xarici vətəndaş çağırılsa, mənə pis təsir edər. Hər kəs istəyir ki, siyahıya öz torpağımızdan, Vətənimizdən olan futbolçular düşsün. Amma Meza Kolli kimi oyunçuya da "yox" demək olmaz. Nə qərar verilsə, hörmətlə yanaşmaq lazımdır.

- Növbəti turda səfərdə "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

- Rəqibin yaxşı heyəti var. Bizi çox çətin oyun gözləyir. Əlimizdən gələni edib, üç xalı qazanmağa çalışacağıq.

- Bürünc medal uğrunda əsas rəqiblərinizdən birincisi bəlkə də "Sumqayıt"dır. Onları məğlub edib, bir az rahatlaşmaq olarmı? Əks təqdirdə, rəqib sizə yaxınlaşacaq...

- Bu görüşdə qələbənin bizə nə verəcəyini bilirik, bunun fərqindəyik. Qarşılaşmaya çox ciddi hazırlaşacağıq. Maraqlı matç olacaq.

- Azərbaycanlı futbolçular ölkə xaricində möhkəmlənə bilmir. Son olaraq, Ramil Şeydayev "Sabah"a keçib. Sizin xaricdə oynamaq kimi bir fikriniz var? 

- Mən hər zaman ölkə xaricinə getmək istəmişəm. Yaxşı təklif olsaydı, gedərdim. Xaricə getmək üçün yaxşı menecer də mütləq lazımdır. Ramil Şeydayev yəqin ki, istədiyi təklifi ala bilməyib və qayıdıb.

Son xəbərlər

Orphus sistemi