Bakı. 13 fevral. REPORT.AZ/ UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib.
“Report” xəbər verir ki, qurumun rəsmi saytında yer alan cədvəldə 9 klubun və 12 şəxsin adı var.
Klublardan 4-ü Türkiyə təmsilçiləridir. Söhbət “Fənərbağça”, “Beşiktaş”, “Eskişehirspor” və “Sivasspor”dan gedir. Qitə futbol qurumu həmçinin “Pobeda” (Makedoniya), “Olimpiakos” (Yunanıstan), “Siqma” (Çexiya), “Metallist” (Ukrayna) və “Skenderbeu”nu (Albaniya) anoloji səbəbdən cəzalandırıb.
Danışılmış oyunlara görə diskvalifikasiya məruz qalan şəxslərdən 6-sı futbolçu, 3-ü referi, 2-si yan xətt hakimi, 1-i isə futbol məktəbinin əməkdaşıdır. Onların arasında ömürlük diskvalifikasiya ilə üzləşən iki nəfər Ermənistan hakimi də var.
Referi Andranik Arsenyan və köməkçisi Ovannes Avaqyan 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “İnter” (Finlandiya) – “Vikinqur” (Farer adaları) oyununda 2 absurd penalti təyin etməklə diqqət mərkəzinə düşüblər. Qonaqların futbolçusu Hanus Yakobsen 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, meydan sahiblərindən Pim Bouman 80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından “Vikinqur” səfər qələbəsi sayəsində növbəti mərhələyə adlayıb. Aparılan araşdırmalardan sonra erməni hakimlərin oyuna pul qoyuluşu etdikəri müəyyənləşib və hər ikisi günahını boynuna alıb.
İş | Qərar | İl |
“Pobeda”, Makedoniya | Klub: UEFA yarışlarından 8 illik kənarlaşdırma Klub prezidenti: Ömürlük diskvalifikasiya | 2009 |
Tomislav Şetka, xorvatiyalı yan xətt hakimi | 1,5 illik diskvalifikasiya | 2010 |
Novo Paniç, bosniya və herseqovinalı referi | Ömürlük diskvalifikasiya | 2010 |
Oleq Orexov, ukraynalı referi | Ömürlük diskvalifikasiya | 2010 |
Vukaşin Poleksiç, monteneqrolu sabiq qapıçı | 1,5 illik diskvalifikasiya | 2010 |
“Olimpiakos”, Yunanıstan | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2011 |
“Siqma”, Çexiya | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2012 |
Kevin Sammut, maltalı sabiq futbolçu | Ömürlük diskvalifikasiya | 2012 |
“Fənərbağça”, Türkiyə | UEFA yarışlarından 2 illik kənarlaşdırma | 2013 |
“Beşiktaş”, Türkiyə | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2013 |
“Metallist”, Ukrayna | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2013 |
Vasile Munqiu, Moldovanın “Aneniy-Noy” futbol məktəbinin əməkdaşı | Ömürlük diskvalifikasiya | 2013 |
Andranik Arsenyan və Ovannes Avaqyan, ermənistanlı referi və yan xəttə hakimi | Hər ikisi ömürlük diskvalifikasiya | 2013 |
“Eskişehirspor”, Türkiyə | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2014 |
“Sivasspor”, Türkiyə | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2014 |
“Skenderbeu”, Albaniya | UEFA yarışlarından 1 illik kənarlaşdırma | 2016 |
Lyük Montebello, maltalı futbolçu | 1 illik diskvalifikasiya | 2018 |
Rayan Kamendzuli, maltalı futbolçu | 1,5 illik diskvalifikasiya | 2018 |
Llueuelin Kremona, maltalı futbolçu | 1 illik diskvalifikasiya | 2018 |
Samir Arab, maltalı futbolçu | 1,5 illik diskvalifikasiya | 2018 |
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi apellyasiya verilən işlərdən yalnız birində UEFA-nın qərarını dəyişib. Kevin Sammut Ömürlük diskvalifikasiyası 10 illik cəza ilə əvəzlənib.