Bakı. 19 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda debütant "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Əlincə Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hərçənd, hesabı meydan sahibləri açıb. 10-cu dəqiqədə Marko Deviç fərqlənib. Bu, ukraynalı hücumçunun cari mövsümdə ikinci qolu olub.
Lakin "Sumqayıt" 18-ci dəqiqədə Nicat Muxtarovla hesabı bərabərləşdirib. 33-cü dəqiqədə Elvin Məmmədov penalti ilə, 44-cü dəqiqədə isə Şəhriyar Əliyev başla fərqlənib. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Ülvi İsgəndərov qoyub. Beləliklə, "Sumqayıt" cari mövsümdə ilk qələbəsini darmadağınla əldə edib.
Turun ilk 3 oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0, "Neftçi" evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib, "Zirə" isə "Keşlə" ilə heç-heçə edib - 1:1.