"Hazırda Azərbaycanda "Sabah" klubuna başçılıq edirəm. "Rudes"dən ayrıldıqdan sonra Zaqreb "Dinamo"sunun əvəzedici komandasında çalışdım. Orada işlədiyim müddətdə Dani Oymo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim. Daha sonra əsas komandada baş məşqçinin köməkçisi oldum. Ardınca isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubuna yollandım".
"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
Azərbaycan klublarının fəaliyyəti haqqında danışan 45 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan futbolundakı vəziyyət Fransa və İspaniyadakı kimi deyil: "Burada problem ondan ibarətdir ki, klublar bütün pulu yay "transfer pəncərəsi"ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Əlində olan oyunçularla kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burada vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, siz öz büdcənizi yaxşı idarə etməlisiniz (gülür)".
Sopiç heyətdəki fransalı futbolçular - Kevin Kubemba və Amadu Diallodan da söz açıb: "Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudur. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında son 2 oyunundan qələbə ilə ayrılan "Sabah" 17 matçdan 19 xalla 6-cı yerdə gedir.