Bakı. 5 oktyabr. REPORT.AZ/ "Çoxlu sayda qol epizodları yaratdıq və heç birindən yararlana bilmədik. Düşünürəm ki, çox yaxşı oyun keçirdik".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib. 36 yaşlı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:
- Qol epizodlarından yararlana bilməməyiniz nə ilə bağlı idi: həyəcanla, yoxsa ustalıq səviyyəsi ilə?
- Biz heç Premyer Liqanın oyunlarında bu qədər çox qol epizodu əldə edə bilmirik. Çoxlu, sadə epizodlarda fərqlənməyi bacarmadıq. Oyun bizim üçün qorxulu yuxu kimi keçdi. Düzdür, sonda bütün komanda ilə irəli atıldığımız üçün "Arsenal" da bir neçə qol epizodu əldə etdi. Bəlkə də Avroliqadakı ən yaxşı oyunlarımızdan birini keçirdik.
- Kənardan oyunu izləmək necə hiss idi: Meydana daxil olub oynamaq istəyirdiniz?
- Oyunu sakit şəkildə izləyirdim. Bir neçə real qol epizodunu əldən verdikdən sonra sanki içimdə elə hiss yarandı ki, meydandan yaxşı nəticə ilə ayrıla bilməyəcəyik. Belə oyunlarda əlinə düşən şansları boşa xərcləyəndə istədiyin nəticəni qazana bilmirsən.
- Azarkeşlərlə bağlı nə deyə bilərsiniz? 2 və 3-cü qoldan sonra artıq stadionu tərk edirdilər...
- Buna fikir vermədim. Bizə möhtəşəm dəstək oldular. Hər birinə təşəkkür edirik. Yaxşı nəticə qazanıb onları sevindirmək istəyirdik, amma olmadı.