Bakı. 5 noyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Joze Pezeyrunu istefaya göndərib.
"Report"un məlumatına görə, klubun rəsmi saytı heç bir səbəb açıqlamayıb. Lakin bu addımın Liqa Kubokunda "Eştoril"ə 1:2 hesablı məğlubiyyətlə əlaqədar olduğu güman edilir. Qalib komandanın heyətində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb.
Lissabon komandasını Portuqaliya Primeyrasında səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri IX tur oyununa Tyaqu Fernandeş çıxarıb. Bu qələbədən sonra "Sportinq" 19 xalla 3-cü pilləyə yüksəlib. Avropa Liqasında isə "zolaqlılar" 6 xalla 2-ci yerdə gedirlər. Növbəti görüş noyabrın 8-də Avroliqanın IV turu çərçivəsində İngiltərə "Arsenal"ına qarşı olacaq.
Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.