Bakı. 5 noyabr. REPORT.AZ/ "Qazaxıstan çempionatında elə də çox oynamamışam. Lakin fikrimcə, bunlar fərqli liqalardır. Azərbaycanda komanda sayı az olsa da, səviyyə demək olar ki, bərabərdir. Çünki Qazaxıstanda yaxşı infrastruktura malik olmayan komandalar da mövcuddur".
"Report"un məlumatına görə, bunu "Astana"nın heyətində Qazaxıstan çempionu olan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike deyib. Braziliyalı yarımmüdafiəçi bildirib ki, çempionluq xəbərini Qazaxıstanda "Yablonets"lə Avropa Liqasının III tur matçından sonra avtobusda eşidiblər. O, qızıl medala məhz orada sevindiklərini söyləyib. 28 yaşlı oyunçu həm "Qarabağ", həm də "Astana" ilə çempionluq yaşamasını karyerasının vacib məqamlarından biri kimi vurğulayıb.
"Sambaçı" "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun mövsümün ortasında "Astana"nı ailə məsələləri ilə əlaqədar tərk etməsinə də münasibət bildirib: "Futbolda belə hallar da baş verir. Onun gedişinin səbəblərini bilmirəm. Lakin məni və Riçard Almeydanı "Astana"ya məhz Qriqorçuk dəvət edib. O, həqiqətən də yaxşı baş məşqçi və insandır".
Qeyd edək ki, müqavilə üzrə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike son iki mövsümdə "Qarabağ" və "Astana"ya icarəyə verilib.