Yuxarı
    Bağlamaq

    Millimizin “şimal yürüşü” - Farer adalarında “Ağsu aşırımı” - REPORTAJ

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu, Azərbaycan millisi ilə Qurban Qurbanov baş məşqçi təyin olunduqdan sonra ilk xarici səfərimdir. Səfər Farer adaları adlanan “cırtdan ölkə”yə təsadüf edib. Ölkə cırtdan olsa da, uzun yollar bizə böyük problemlər vəd edir.

    Əslində problemlər hələ səfərdən əvvəl başlayıb. Şengen ölkəsi sayılmadığından, Farer adaları adlı ölkəyə viza almaq üçün Danimarkanın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyinə baş vurmaq lazım idi. Bu isə uzun vaxt apara bilərdi. Gərək, sənədlər Ankaraya gedəydi ki, oradan viza müraciətinə baxılsın.

    Bu problem AFFA-nın UEFA və Farer adaları Futbol Federasiyası ilə danışıqlarından sonra müsbət həllini tapdı. Beləliklə, bütün nümayəndə heyəti üçün vizanı Almaniyanın Azərbaycandakı səfirliyi həll etməli oldu. Hamıya bir illik Şengen vizası verməklə!

    Problem bununla həllini tapsa, dərd yarı idi. Farer adalarına hər təyyarə eniş edə bilməzdi. Hətta indiyədək bütün istiqamətlərə təhlükəsiz uçuşlar həyata keçirən Azərbaycan Hava Yolları (AZAL) da...

    Xatırlayırsınızsa, bu yay Litvanın "Jalgiris" komandası "Torshavn"la oyuna bir gün əvvəldən yox, oyun günü gedib çata bilmişdi. Nəticədə UEFA Avropa Liqasının oyununu bir gün təxirə salmalı olmuşdu. Ötən ay isə Malta millisi UEFA Millətlər Liqasının oyunu üçün Farer adalarına iki gün əvvəldən getmək istəsə də, buna nail ola bilməmişdi. Hər iki halda səbəb kimi Farer adalarında hava şəraitinin əlverişsiz olması göstərilmişdi.

    Azərbaycan millisi üçün iki təyyarə sifariş olunmuşdu: Biri AZAL-dan, digəri “Atlantic Airways”dən. Beləliklə, bizi üst-üstə 10 saatadək səyahət gözləyirdi.

    Heydər Əliyev Beynəlxalq Hava Limanına milli komandanı gətirən avtobus gələrkən, məlum oldu ki, yalnız baş məşqçi Qurban Qurbanov açıqlama verəcək. Futbolçulara isə danışmaları qadağan edilmişdi.

    Elə 46 yaşlı mütəxəssisi də narahat edən yolun uzaq və necə deyərlər, keşməkeşli olması idi. Üstəlik, qayıtmaq getməkdən daha ağır görünürdü. Çünki oktyabrın 11-də Farer adaları ilə keçiləcək oyuna hazırlıq üçün nisbətən çox vaxt olmuşdusa, qayıdandan sonra cəmi bir məşq etmək mümkün olacaqdı. Bu da Malta ilə ev oyunundan bir gün əvvələ - 13 oktyabra təsadüf edəcəkdi.

    Bütün bu problemlərə rəğmən, kollektivdaxili əhval-ruhiyyə qaydasında idi. Təyyarənin ön hissələrində əyləşən komanda üzvləri hərdən arxaya baş çəkir, jurnalistlərlə zarafatlaşırdılar. Əsas mövzu isə Azərbaycan Premyer Liqasındakı “Qarabağ” – “Neftçi” rəqabəti idi. Gülərüz görkəmli Emin Mahmudovu “Neftçi”nin ilk dövrəni lider kimi başa vurması daha da məmnun etmişdi. Həmkarlarımdan birinin “Qarabağ” – çempion” atmacası da onun əhvalını pozmadı. Mahmudov “Bu sözlərini yadında saxla” cavabını verdi.

    Az sonra bizə “Qarabağ”da çıxış edən milli üzvü Qara Qarayev yaxınlaşdı. O isə “Neftçi” – çempion” atmacası ilə qarşılaşdı. Qarayev bu dəfə nisbətən ciddi reaksiya verdi: “Bizim başımız Avroliqaya qarışıb, doğrudanmı “Neftçi”ni dayandıran olmayacaq?”

    Təyyarədə Qurban Qurbanovdan çox qayğılı insan ola bilməzdi. Bir tərəfdən, Avropa Liqası, digər tərəfdən Millətlər Liqası. Hər ikisinə nə “Qarabağ”, nə də milli uğurlu start götürüb. Oktyabr hər iki komanda üçün həlledici ay ola bilər.

    Bununla belə, Qurbanov qayğılı olmadığını göstərməyə çalışır, yolboyu hərdən futbolçulara yaxınlaşıb söhbətləşirdi. O, jurnalistlərə tərəf də gəldi. Baş məşqçi həmkarlarımızdan biri ilə zarafatından da qalmadı.

    Yol isə uzun idi - təkcə Kopenhagenə 5 saat! Danimarkanın paytaxtı ötən il Qurban Qurbanov və “Qarabağ” üçün düşərli məkan olmuşdu. Burada Azərbaycan klubu “Kopenhagen”i səfər qolu ilə (1:0, 1:2) üstələyərək, tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

    Kopenhagen hava limanında komandanı həmin vaxt “Qarabağ”da fiziki hazırlıq üzrə keçmiş məşqçisi, hazırda “Orxus” klubunda çalışan Ruben Selles qarşıladı. İspaniyalı mütəxəssis baş məşqçi Qurban Qurbanov və “Qarabağ”da birgə çalışdığı milli üzvləri ilə xeyli söhbət etdi.

    Qarşıda isə bizi “Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Atlantik okeanı içərisindəki ada-dövlətə daha 2 saatıq səfər gözləyirdi. Demək olar ki, tamamilə okean üzərindən uçuş olacaqdı. Amma qaranlıq vaxta təsadüf etdiyindən, bunu yalnız salondakı monitorlarda xəritə vasitəsilə görmək mümkün idi.

    Farer adaları 18 adadan ibarətdir ki, bunların 17-də yaşayış məskənləri salınıb. Endiyimiz Voqar hava limanı Streymor adasında yerləşir. İlk baxışdan “iki dəqiqəyə çatacağıq” dediyimiz Torshavn adasına isə bir saatadək yol qət edəsi olduq. Özü də sanki “Ağsu aşırımı”nın yolları ilə hərəkət edirdik. İlanvari yollar bizi gətirib biri 5 km-dən çox, digərləri isə ən azı 1 km uzunluqda olan tunellərə də saldı, dağların ətəkləri ilə də hərəkət etdik, okean sahilləri ilə də. Ətrafda qaranlıq olduğundan, bu gözəllikləri tam aydın görmək mümkün deyildi. Lap elə səhər açılanda qara buludlarla dolu göyün üzü kimi. Amma necə deyərlər, bunları görməyə hələ iki günümüz var. Əsas məqsəd isə təbii ki, bu deyil...

    Çünki qarşıdan Farer adaları ilə Millətlər Liqasında taleyüklü oyun gəlir. Millimiz AVRO-2020 arzusunun reallaşması üçün “şimal yürüşü”ndən zəfərlə dönməlidir. Rəqib ilk ev matçında Maltanı 3:1 hesabı ilə yenib. Hazırda bu komanda 3, Azərbaycan isə 2 xala malikdir. Səfərdə qalib gəlmək lazımdır ki, qrupun lideri Kosovo ilə xallar bərabərləşsin, sonra da səfərdə udmağı bacarmadığımız Maltanı Bakıda məğlub etmək tapşırığı var. Azərbaycanla oyundan 3 gün sonra bura Kosovo da gələcək. Görək, Farer adalarında kim xal itirəcək...

    Elşən MƏMMƏDOV

    Bakı - Kopenhagen - Torshavn

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi