Aftandil Hacıyev: "Ulduz futbolçular ərköyün olurlar, Essyen isə tam fərqli tipajdır" - MÜSAHİBƏ

Aftandil Hacıyev: "Ulduz futbolçular ərköyün olurlar, Essyen isə tam fərqli tipajdır" - MÜSAHİBƏ “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin “Report”a müsahibəsi
Futbol
26 Fevral , 2020 14:50
Aftandil Hacıyev: Ulduz futbolçular ərköyün olurlar, Essyen isə tam fərqli tipajdır - MÜSAHİBƏ

“Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin “Report”a müsahibəsi

-“Səbail” qış fasiləsinə sonuncu pillədə yollansa da, mövsümün ikinci yarısında keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 1 qarşılaşmada isə uduzub. Uğurlu çıxışınızın səbəbini nə ilə izah edə bilərsiniz?

- Biz də hamı kimi qış fasiləsindən maksimum yararlanmağa çalışdıq. Bilirsiniz ki, heyətimizdə böyük dəyişikliklər baş verdi. Yeni gələnlərin komandaya uyğunlaşması üçün çox işləməli idik. Futbolçular vəziyyəti dərk edirlər. Başa düşürlər ki, qərarlaşdığımız mövqe heç də ürəkaçan deyil. Hamı vəziyyətdən çıxmaq üçün həm məşqdə, həm də oyunlarda böyük səylə çalışır. Fasilədən sonrakı çıxışımızın xüsusi bir sirri yoxdur. Eyni proqram üzərində hazırlığımızı davam etdiririk. Nəticələri daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Amma qarşıda bizi daha çətin oyunlar gözləyir. Turnir cədvəlindəki vəziyyət heç bir komandaya rahatlıq vermir. Bütün matçlar gərgin keçir.

- Mövsümün ilk hissəsinə də yaxşı başlamışdınız, amma sonradan eniş yaşandı, hətta sonuncu sıraya qədər gerilədiniz. Bu dəfə də eyni ssenarinin təkrarlana biləcəyindən qorxmursunuz?

- Yəqin ki, Avropa Liqasından sonra baş verənlərdən məlumatlısınız. Komandanı kifayət qədər futbolçu tərk etdi. Hər şeyə yenidən başlamalı olduq. Buna baxmayaraq, çempionata yaxşı start verdik. Sonradan futbolçuların cəzalı duruma düşmələri, zədələr vəziyyəti çətinləşdirdi. Heç bir halda çəkinmirəm. Çalışıram ki, mövcud imkanlar daxilində ortaya maksmimum iş qoya bilim. Əlimizdəki futbolçularla yolumuza davam edirik. Geriyə baxmaq heç bir fayda verməyəcək. Çempionatı daha yaxşı yerdə bitirmək istəyirik.

- Qış fasiləsində heyətə 4 yeni futbolçu - Peyman Keşavarz, Rauf Əliyev, Hendrik Ekşteyn, Lema Çikito Mabidi cəlb olunub. Onların hazırkı durumu sizi qane edir?

- Fasilədə əsas heyətin 5 üzvü komandamızı tərk etdi. Əvəzində 4 yeni futbolçu götürdük. Düşünürəm ki, gələnlər komandaya xeyir verə biləcək oyunçulardır. Qısa zamanda kollektivə uyğunlaşdılar. Getdikcə daha yaxşı olacaqlarına inanırıq. Çünki hər biri artıq fərdi şəkildə öz oyunu ilə bunu sübut edib. Sadəcə, qarşıdakı oyunlarda bunun davamını gətirmək lazımdır. Hər birinin işə yanaşmasından razıyıq.

- Mövsümün ilk yarısında maliyyə ilə bağlı qeyri-stabillik var idi. Hazırda vəziyyət necədir?

- Çətinliklər davam edir. Bizə əvvəldən bildirmişdilər ki, mövsümboyu belə olacaq. Amma bu cür məsələlərin üzərində dayanmırıq. Çünki daha vacib məsələlər var. İşimizə peşəkar yanaşmalıyıq. Rəhbərlik vəziyyəti daha da yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. Hər şeyə hazır idik, həvəsdən düşmürük. Bilirik ki, oyunumuza mənfi təsir edə bilər. Problemlərin müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, hər şey qısa zamanda yoluna qoyulacaq.

- Maykl Essyen mövsümün ilk hissəsində çox nadir hallarda meydana çıxırdı. Fasilədən sonra isə onu daim start heyətində görürük. Onu məcburiyyətdən oynadırsınız, yoxsa həqiqətən də hazırkı forması sizi qane edir?

- Essyen bizə ötən mövsümün sonlarında qoşuldu. Buna qədər 1,5 il futboldan kənarda qalmışdı. Belə bir vəziyyətdə peşəkar davranmağımız önəmli idi. Burada onun adı ilə yanaşı, sağlamlığından da söhbət gedir. Qışa kimi olan müddət onun xeyirinə işlədi. Fasiləyə qədər az oynamasına səbəb tez-tez tədbirlərdə iştirak etməsi oldu. Məşqlərdən kənarda qalırdı. Bu məsələni öz aramızdakı söhbətlə yoluna qoyduq. Bildirdik ki, qışdan sonra vacib matçlarımız var, oyunlara daha çox diqqət ayırsa, tədbirlərdən uzaq dursa, pis olmaz. Yalnız vacib və fasilələrə düşən tədbirlərdə iştirak edə bilər. Özü də fikrimə müsbət yanaşdı və oynamaq istədiyini bildirdi. Qış fasiləsindəki məşqlərdə, oyunlarda ürəklə çalışırdı. Bu gün start heyətdə meydana çıxması komanda ilə birlikdə məşqlərdə iştirak etməsindən irəli gəlir. Bu, məşqçilər korpusunun qərarıdır. Amma yenə də yaş həddi öz sözünü deyir. 60-70-ci dəqiqədən sonra yorğunluq özünü göstərir.

- Bəzi ulduz futbolçular bir az ərköyün olurlar. Baş məşqçilərin tapşırıqlarını yerinə yetirmək istəmir, məşqlərə barmaqarası yanaşırlar. Essyendə belə bir hal müşahidə etmisiniz?

- Düz deyirsiniz, ulduz futbolçular ərköyün olur, hər hansı tapşırığı yerinə yetirməyi ehtiyac görmür, öz bildiklərini edirlər. Amma Essyen tam fərqli bir tipajdır. İşinə çox peşəkar yanaşır. Ona verilən tapşırıqları necə icra etdiyini görmək bizə xoş gəlir. Özünü komandada heç kimdən üstün tutmur, əksinə, daha sadə aparır. Hiss etməzsən ki, komandamızda belə bir ulduz var.

- Qış fasiləsindən sonra “Səbail”in heyətində yaxşı mənada fərqlənən futbolçulardan biri də gənc yarımmüdafiəçi Ruslan Hacıyev oldu. Onu necə üzə çıxardınız?

- Ötən ildən gənc futbolçuların çıxışını izləyirəm. Ruslan keçən mövsümdən heyətimizdə idi. Onu “Qarabağ”ın əvəzedici komandasından tanıyıram. Uzun müddət bir yerdə çalışdığımızdan, potensialına bələdəm. Sadəcə, ötən mövsümün əvvəlində ağır zədə aldı və çempionatı boşa verməli oldu. Zədəsini sağaltdıqdan sonra isə daha çox əvəzedici komandada çıxış etdi. Bu mövsüm qış fasiləsinə qədər daha yaxşı forma yığmağa başladı. Bu gün Ruslanın start heyətində meydana çıxması onun öz işinə yanaşması və üzərində ciddi çalışması ilə əlaqədardır. İnanıram ki, gələcəkdə potensialını daha da aça bilər.

- Gənc futbolçular bir az özünü göstərən, üzə çıxan kimi arxayınlaşırlar. Bu da onların xarakterindən irəli gəlir. Ruslan Hacıyevin də eyni halla üzləşə biləcəyindən narahat deyilsiniz?

- Bu təhlükə bütün gənc futbolçularımızda var. Bu, daha çox şişirdiləndə baş verir. Ona görə də bu gün hər birimiz Ruslan kimi futbolçuları qorumalıyıq. Çalışırıq ki, bundan sonra da işinə eyni ciddiyət və məsuliyyətlə yanaşsın. Çünki böyük potensiala malikdir. İşində daha ciddi olsa, əsas milliyə kimi yüksələ bilər.

- Mövsümün əvvəlində demişdiniz ki, qarşınıza Avropa Liqasına düşmək vəzifəsi qoyulmayıb. “Səbail” aşağı sıralarda qərarlaşsa da, bu tur qazana biləcəyiniz bir qələbə digər matçların da nəticəsindən asılı olaraq, komandanızı yuxarı pillələrə qaldıra bilər. Bu amil “Səbail”i yenidən avrokuboklara vəsiqə uğrunda mübarizəyə həvəsləndirə bilər?

- Əlbəttə, hədəf hər zaman olmalıdır. Biz hazırkı vəziyyətlə barışmaq istəmirik. Maliyyə, heyət baxımından problemlərə baxmayaraq, öz işimizi sevməliyik. Futbolçular da əllərindən gələni edirlər. Qarşıda hələ 10 tur var, bu da 30 xal deməkdir. Hər bir komanda bu xalların minimum yarısını qazana bilər. Aşağı düşə və ya yuxarı qalxa bilərik. Turnir cədvəli hələ heç bir komandaya rahatlıq vermir. Yuxarı sıralara yüksəlmək istəyirik. Hər bir şansdan maksimum yararlanmağa çalışacağıq.

- Premyer Liqanın XIX turunda “Səbail”i “Neftçi” ilə çətin oyun gözləyir. Baş məşqçi dəyişikliyindən sonra “ağ-qaralar” yaxşı təsir bağışlayırlar. Qarşıdakı görüşdən nə gözləyirsiniz?

- Bu həftənin əvvəlindən “Neftçi” barədə məlumat toplamağa başlamışam. Rəqibi düzgün təhlil etməyə çalışırıq. Baş məşqçi dəyişikliyindən sonra komandada hər zaman ruh yüksəkliyi yaranır. Bu, Füzuli Məmmədovun baş məşqçi təyin olunmasından sonra “Neftçi”də də hiss olunur. Həm nəticələr yaxşılaşıb, həm də meydanda daha intizamlı oynayan bir komanda görürük. "Neftçi" qış fasiləsindən sonra məğlub olmayan 2 komandadan biridir. Bu rəqiblə səfərdə qarşılaşacağıq. Bizi həqiqətən də ağır oyun gözləyir. Nəticədən asılı olmayaraq, layiqli mübarizə aparmağa çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. İnanıram ki, azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər.

Son xəbərlər

Orphus sistemi