"Nəticə yaxşıdır. Biz iki top fərqi ilə üstünlüyə tez nail olduq. Amma əlbəttə keyfiyyət bizi qane etmir".
"Report"un məlumatına görə, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının köməkçi-məşqçisi Vadim Yevtuşenko Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
62 yaşlı mütəxəssis inanılmaz sayda top itkisinə yol verdiklərini bildirib. O, istədikləri oyunu sərgiləyə bilməmələrindən şikayətlənib: "Qələbəyə baxmayaraq, bu gün oyun keyfiyyəti bizi qane etmədi. İlk yarıda daha çox kombinasiyalı çıxış etdik və tezliklə üstünlük qazandıq. Sol cinahda xətlərarası əlaqə yaxşı alındı. Lakin topa nəzarəti xüsusən ikinci hissədə ələ ala bilmədik. Qısa hücumlar, çoxlu sayda top itkiləri oldu. Səbəbini hələ də müəyyənləşdirə bilməmişik".
Yevtuşenko onu da vurğulayıb ki, razılıq əsasında ikinci hissədə "Dinamo" "Neftçi"nin təqdim etdiyi toplarla çıxış edib: "Əlbəttə, bununla özümüzə bəraət qazandırmıram. Amma çoxlu yanlışlığın mümkün səbəblərindən biridir. Çox yaxşı, perspektivli əks-hücumlar var idi. Lakin bunları məntiqi sonluğa çatdıra bilmədik".
Ötənlərin məşhur hücumçusu "Neftçi"nin çıxışı barədə də danışıb: "Bu rəqiblə oyuna xüsusi hazırlaşmamışdıq. Öz proqramımız var və matçlar yorğunluq fonunda keçirilir. Xüsusən ikinci hissədə məşqçilərin "Neftçi"nin futbolçularına möhkəm və aqressiv oynama tapşırığı verdikləri görünürdü. Həqiqətən də rəqib fasilədən sonra aqressivliyini artırmışdı. Kombinasiyalı oyunumuzun alınmamasının bir səbəbi də bu idi. Rəqib hətta kobud da çıxış edirdi. Amma futbolda bunu da keçmək lazımdır. Danışmaq yox, topla sürətli işləmək lazımdır ki, ayağa zərbə gəlməsin".
Qeyd edək ki, "Neftçi" qapısından hər iki topu ilk yarıda buraxıb. Təsəlli qolunu isə 69-cu dəqiqədə Vangelis Platellas vurub.