Yuxarı

"Qəbələ" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb - YENİLƏNİB-4

Azərbaycan Kubokunun final matçı start götürüb

“Qəbələ” və “Sumqayıt” komandaları arasındakı Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşı xəbər verir ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.

Əvvəlcə hakimlər briqadasına xüsusi mükafat, “Sumqayıt”a gümüş medallar təqdim olunub. Daha sonra "Qəbələ" səhnəyə dəvət olunub. Komandaya qızıl medal, kapitana isə kubok verilib.

"Qəbələ" finalda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə Azərbaycan Kubokuna yiyələnib.


***18:58

Bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda Azərbaycan Kubokunun final maçı keçirilib.

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mövsümün son qarşılaşmasında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə kapitan Cavid Hüseynovun ötürməsindən sonra Stiven Monroz başla qapıdan keçirib. Monroz qolu vurduqdan sonra xəstəliyi üzündən oyunu buraxan komandanın bombardiri Ceyms Adeniyinin 17 nömrəli formasını nümayiş etdirib.

İlk yarı sönük mübarizə şəraitində keçib. "Qəbələ"nin ərazi üstünlüyünə malik olduğu qarşılaşmada fasiləyədək daha bir real qol imkanını da "qırmızı-qaralar" yaradıb. Lakin Lalavele Atakora 41-ci dəqiqədə qapıçı ilə təkbətəkdən yararlana bilməyib.

İkinci hissə qol vəziyyətləri sarıdan nisbətən zəngin olub. 70-ci dəqiqədə mübahisəli vəziyyət yaranıb. "Qəbələ"nin qapısı qarşısına asmadan sonra Adil Nağıyev başla topu qapıya göndərib. Bu zaman "qırmızı-qaralar"ın müdafiəçisi Bəhlul Mustafazadə topu qapı xətti üzərindən çıxarıb. "Sumqayıt"ın oyunçuları qol tələb etsələr də, baş hakim "davam" deyib. Bundan əvvəl isə "Qəbələ" bir neçə əlverişli imkanı boşa verib. Oyunun sonlarında da bir neçə təhlükəli epizod yaranıb. 79-cu dəqiqədə "Sumqayıt"dan Ülvü İsgəndərovun cərimə zərbəsindən sonra, 83-cü dəqiqədə isə "Qəbələ"dən Rauf Əliyevin baş zərbəsi qapıdan azacıq yan keçib. Referinin artırdığı 6 dəqiqə də olmaqla, qalan bölümdə də heç bir yaddaqalan epizod baş verməyib. Əvəzində hava qaraldığı üçün projektorlar işə düşüb. Amma süni işıqlandırma zəif olduğu üçün elə də effektli olmayıb. Eyni zamanda Rauf Əliyev başından qan açıldığı üçün yerini gənc Rövlan Muradova verib.

Beləliklə, "Qəbələ" 4-cü dəfə yüksəldiyi Azərbaycan Kubokunun final matçında ilk dəfə titul əldə edib. "Qırmızı-qaralar" ölkə kubokunu qazanan 9-cu komanda olub. Daha əvvəl bu mükafatı "Qarabağ" (6 dəfə), "Neftçi" (6 dəfə), "Kəpəz" (4 dəfə), "Bakı" (3 dəfə), "Xəzər Lənkəran" (3 dəfə) "İnşaatçı Bakı", "Şəfa" və "Keşlə" komandaları əldə edib. Bu, Naxçıvanda 2-ci final matçı olub. 2016/2017 mövsümündə keçirilmiş ilk finalda "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.


***17:05

"Qəbələ" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Kubokunun final matçı start götürüb.

"Report"un məlumatına görə, oyun Naxçıvan Muxtar Respublikası stadionunda keçirilir.

Görüşü çimərlik futbolu üzrə FIFA referisisi İnqilab Məmmədov idarə edir.


***16:53

"Sumqayıt"la keçirəcəyi Azərbaycan Kubokunun final matçından əvvəl "Qəbələ"nin heyətində məcburi dəyişiklik olub.

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnı oyunöncəsi məşqdə yenidən zədələnib.

Ukraynalı qolkiperi Anar Nəzirov əvəzləyib.

Dmitri Bezotosnı Azərbaycan Premyer Liqasının son 3 turunu da zədə üzündən buraxıb. O, bərpa olunaraq, finala çıxmağa hazır vəziyyətə gətirilmişdi.


***16:06

Azərbaycan Kubokunun final matçında üz-üzə gələcək "Qəbələ" və "Sumqayıt"ın start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Qəbələ”: 22. Dmitro Bezotosnı 34. Urfan Abbasov 18. İlqar Qurbanov 14. Cavid Hüseynov (k) 4. Elvin Camalov 10. Rauf Əliyev 3. Voislav Stankoviç 21. Atakora Lalavele 28. Stiven Monroz 9. Davit Volkov 27. Bəhlul Mustafazadə

Ehtiyat oyunçular: 1. Anar Nəzirov 35. Murad Popov 5. Rasim Ramaldanov 11. Asif Məmmədov 8. Qismət Alıyev 7. Roman Hüseynov 98. Rövlan Muradov 33. Vüsal Məsimov 6. Rüstəm Nuruyev 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

“Sumqayıt”: 1. Mehdi Cənnətov 4. Şəhriyar Əliyev 21. Arif Daşdəmirov 3. Vurğun Hüseynov (k) 99. Əli Babayev 60. Elvin Məmmədov 22. Əfran İsmayılov 5. Adil Nağıyev 8. Peyman Babayi 15. Əmir Ağayev 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli 13. Aydın Bayramov 2. Rail Məlikov 17. Nicat Qurbanov 7. Cavid Tağıyev 34. Elvin Bədəlov 70. Ülvi İsgəndərov 97. Xəyal Nəcəfov 77. Murad Xaçayev 18. Süleyman Əhmədov 25. Baxşəli Baxşəliyev 49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək görüş saat 17:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi