AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşib.
“Report” xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytı vasitəsi ilə aparılan səsvermənin nəticəsinə əsasən, veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova bu hüquqa yiyələniblər.
Digər namizəd Aaron Hacıyev isə kənarda qalıb.
Qeyd edək ki, hər şəhər üzrə yalnız 2 nəfər AVRO-2020-nin fristayleri olacaq və UEFA Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək matçlarda, fan-zonalarda, eləcə də kubok turlarında öz ölkələrini təmsil edəcək.
Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.