Anası Mahir Emrelinin futbola gəlişindən danışıb

Anası Mahir Emrelinin futbola gəlişindən danışıb Övladlarımız hansı sahədə olursa-olsun, əsas məsələ, onların uğurlu olmasıdır.
Futbol
10 İyun , 2019 17:48
Anası Mahir Emrelinin futbola gəlişindən danışıb

"Övladlarımız hansı sahədə olursa-olsun, əsas məsələ, onların uğurlu olmasıdır". 

"Report" xəbər verir ki, bunu "Azərsun Holding" MMC-nin "Super analar" layihəsinin açılış mərasimində çıxış edən Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin (Mədətov) anası Elnurə Mədətova deyib.

E.Mədətovanın sözlərinə görə, M.Emreli uşaq yaşlarından futbola həvəs göstərib: "Mahir idmana-futbola çox kiçik yaşlarından öz həvəsi ilə başlayıb. Təbii ki, mən hər zaman istəyirdim ki, onun dərsləri yerində olsun. Çünki idman elə bir sahədir ki, burada hər kəs uğurlu ola bilmir. Balaca vaxtı hər kəs həvəsli olur, böyüdükcə onun maraqları dəyişə, yaxud fiziki görkəmi buna imkan verməyə bilər. Ona görə də onların dərslərini də yaxşı oxumaları çox vacibdir. Mahir 8-ci sinfə qədər əlaçı idi. Artıq o, klubu ilə yanaşı, millidə də çıxış etməyə başladıqdan sonra təbii ki, mən ona dərslərində bir az kömək etdim. Davamiyyəti yerində deyildi, bu da normaldır. Bunun üçün də hər zaman onun məşqçiləri, müəllimləri, komandasındakı böyükləri ilə məsləhətləşirdim ki, Mahirdən futbolçu olacaqmı?!". "Elnurə xanım, sizdən çox bura gələn valideyn yoxdur" cavabını verirdilər. "Çünki mən bunu bilmək istəyirəm. Bunun göstəriciləri o deyilsə, futbolçu olmayacaqsa, qoy dərslərində daha fəal olum" söyləyirdim. Sevindiricidir ki, bu gün ilk öncə Mahirin arzusu yerinə yetdi. Mənə şəxsən Mahirin idmanının çox böyük köməyi oldu".

Anası M.Emrelinin dərs oxumasının yolunu da tapdığını deyib: "Ailələr var, "Bunu eləməsən, atana deyəcəyəm", "Bunu eləməsən, səni cəzalandıracağam". Amma bizdə necə oldu - "Mahir, dərsini oxumasan, futbola getmək yoxdur" - bir kəlimə ilə Mahir dərslərini oxudu. "Mahir vaxtında yatmasan, futbola getməyəcəksən" - Mahir gecə saat 10-da yerindədir. Mən futbol sahəsinə təşəkkür edirəm. Mahirin böyüməsində mənə çox böyük dəstəyi oldu. Ananın öz övladından qürur duymasından böyük xoşbəxtlik yoxdur. Allahıma minnətdaram ki, bu xoşbəxtliyi mən də yaşamışam".

Qeyd edək ki, Elnurə Mədətova "Super Sun"un "Super Analar" layihəsinin simalarından biridir.

Son xəbərlər

Orphus sistemi