Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq" "İnanıram ki, PFL-i daha yüksək səviyyəyə qaldıracağıq".
Futbol
125
30 Avqust , 2022 16:05
Zaur Hacı-Məhərrəmov: PFL-i daha yüksək səviyyəyə qaldıracağıq

"İnanıram ki, PFL-i daha yüksək səviyyəyə qaldıracağıq".

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni icraçı direktoru Zaur Hacı-Məhərrəmov deyib.

Funksioner iki ay əvvəl AFFA-da futzal üzrə koordinator vəzifəsini tərk etdiyini diqqətə çatdırıb: "PFL-də ümimi işlərin və bəzi məsələlərin koordinasiyasını aparacaq, demək olar ki, bütün işlərin içində olacağam. Vitse-prezident Aslan Şahgəldiyevlə birlikdə köməkləşib işimizi görəcəyik. Elxan Səmədovun dediyi kimi, niyyətimiz qurumu brendə çevirməkdir".

Hacı-Məhərrəmov 2009-cu ildə PFL-in hazırkı prezidenti Elxan Səmədovun sayəsində AFFA-da işə başladığını xatırladıb: "Səmədov həmin dönəmdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru idi. Ondan əvvəl futzal üzrə Azərbaycan çempionatında bir neçə il birlikdə oynamışıq. O, AFFA-ya gələndən sonra məni də dəvət etdi və bildirdi ki, yeni kadrlar, mütəxəssislər lazımdır. Mən də məmnuniyyətlə qəbul etdim. İnkar edə bilmərəm, Səmədovla birlikdə illərlə futzal oynamışıq. O da məni illərdir yaxşı tanıyır. Həmin vaxt onun inamını doğrultmağa çalışdım. Doğrultduğum üçün yenidən mənə etimad göstərdi. Sonra Səmədov AFFA-dan getdi, mən isə qalıb işlədim. PFL prezidenti seçiləndən sonra da məni dəvət etdi. Onunla işləmək xoşdur. Bu səbəbdən, təklifi qəbul etdim".

PFL rəsmisi yeni vəzifəsinin UEFA nümayəndəsi kimi təyinat almasına maneçilik törətməyəcəyini vurğulayıb: "UEFA bayrağı altında keçirilən oyunlarda səfərimiz 3 günlük olur. Görüşlərin təşkili sarıdan illərdir təcrübəm var. Milli komandanın bütün yaş qrupları mənim koordinasiyam və idarəçiliyimdə olub. UEFA da bu səbəbdən, matçların təşkilatçılığı ilə bağlı məni dəvət edir. PFL də oyun təşkilçılığı ilə bağlı olan qurumdur. Düşünürəm ki, bu qurumda yaxşı komanda formalaşıb və bizdə hər şey yaxşı alınacaq. İnanıram ki, birlikdə müsbət işlər görəcəyik".

Hacı-Məhərrəmov milli komandada böyük təcrübə topladığını sözlərinə əlavə edib: "Bu, böyük və beynəlxalq təcrübə idi. Yığmanın oyunlarında müxtəlif UEFA nümayəndələri ilə birlikdə işləyirdik. Onların təcrübəsi bizə böyük üstünlük qazandırıb. Bu təcrübə bizə PFL-də yardımçı olacaq".

UEFA nümayəndəsi bu sahədə Azərbaycan təmsilçilərinin az olduğunu dilə gətirib: "Əvvəllər AFFA-nın baş katibi Sərxan Hacıyev də təyinat alırdı. Sonra pandemiyaya görə oyunlara getmədi, ardınca isə baş katib təyin olundu. Bizdə bunun üçün yetərli kadrlar var. UEFA yanvarda yeni seçim edəcək. AFFA da yeni UEFA nümayəndələri üçün namizəd göndərəcək. Yekun qərarı isə Avropa futbol qurumu verəcək. Bizdə də UEFA nümayəndəsi çox olmalıdır. Hazırda 3 nəfər – AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, "Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə və mən təyinat alırıq. Bəzi ölkələrdən isə 6-8 nəfərdir. UEFA nümayəndələrinin çox olması ölkə futbolu üçün xeyirdir".

Son xəbərlər

Orphus sistemi