"Komanda üzvlərini, eləcə də azarkeşlərimizi təbrik edirəm. Məhsuldar qələbə oldu. Polşa ilə oyundan əvvəl komanda ilə görüşəndə də qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum".
"Report"un məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandanın səfərdə Yunanıstana 7:0 hesabı ilə qalib gəldiyi dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra qurumun rəsmi saytına açıqlamasında deyib.
AFFA İcraiyyə Komitəsinin də üzvü olan funksioner bildirib ki, Polşa ilə Bakıdakı matç kifayət qədər çətin keçsə də, vacib 3 xal qazanılıb: "Bu gün isə Afinada Yunanıstan yığması ilə üz-üzə gəldik. Əlbəttə, Polşa üzərində qələbədən sonra müəyyən arxayınlaşma ola bilərdi. Buna görə də komanda üzvləri ilə söhbət aparıldı. Uşaqlar yaxşı oynadı, sona qədər mübarizə apardı və nəticədə böyükhesablı qələbə qazandıq".
Axundovun sözlərinə görə, yığma hazırda 6 xalla qrupun lideri olsa da, hələ heç nə həll olunmayıb: "Qarşıda daha 2 oyunumuz var. Həmin görüşlərə də yaxşı hazırlaşmalı, maksimum nəticə qazanmalı və elit-raunda yüksəlməliyik".