"Vorskla"nın prezidenti: "Arsenal"la oyunumuz baş tutmaya bilər" - MÜSAHİBƏ

"Vorskla"nın prezidenti: "Arsenal"la oyunumuz baş tutmaya bilər" - MÜSAHİBƏ "Texniki məğlubiyyət almağı istəməzdik"
Futbol
28 Noyabr , 2018 16:28
Vorsklanın prezidenti: Arsenalla oyunumuz baş tutmaya bilər - MÜSAHİBƏ

Bakı. 28 noyabr. REPORT.AZ/ Ukraynanın "Vorskla" klubunun prezidenti Roman Çernyak İngiltərə "Arsenal"ı ilə Avropa Liqasının V tur matçının Poltavadan Kiyevə keçirilməsi barədə UEFA-nın qərarını şərh edib.

R.Çernyak "Report"a eksklüziv müsahibəsində "Olimpiyski" stadionunda oynamağa hazır olmadıqlarını bildirib...

- Nə klubumuz, nə də ötən gündən Poltavada olan UEFA-nın nümayəndələri heç nəyi başa düşə bilmir. Hamımız şokdayıq. Bizdən heç kim heç nə soruşmayıb, bizi heç kim məlumatlandırmayıb. Üstəlik, bu günədək "Olimpiyski" stadionu təşkilati baxımdan hazır vəziyyətdə deyil. Azarkeşlər Poltavaya oyuna gəlmək üçün təyyarə, qatar və avtobuslara, eləcə də görüşü stadionumuzda izləmək üçün biletlər alıblar. Həmin biletlər necə olacaq? Yaxud 70 min nəfərlik "Olimpiyski"yə bir günə necə bilet satmaq olar? Bu, məlumatlandırılmadan qəbul edilmiş qərardır. Hazırda əsas sual isə budur ki, oyun baş tutacaqmı? Bu gün oyunöncəsi məşq və mətbuat konfransı keçirilməlidir. Amma harada və necə?

- Hazırda komandanız haradadır?

- Poltavada. Əslində ehtiyat stadion kimi "Lvov Arena"nı göstərmişik. Axı nəyə görə "Olimpiyski"? Hazırda UEFA ilə danışıqlar aparırıq. Bizə Poltavadan 350 km aralıda olan Kiyevdə oynamağı təklif edirlər. "Arsenal"ın Kiyevə gəlib-gəlmədiyi barədə məlumatsızam.

- Oyunun baş tutmama ehtimalı var?

- Tam mümkün ehtimaldır. Heç kimlə razılaşdırmadan belə qərar qəbul ediblər. Hazırda qeyri-müəyyənlikdir. Qərar dünən axşam verilib. Bilmirik hara zəng edək. Şərh vermək belə mənim üçün çətindir.

- Kiyevə getməsəniz, komandanıza texniki məğlubiyyət verilə bilər?

- Biz bunu qətiyyən istəməzdik. Məqsədimiz odur ki, azarkeşlərimiz bu oyunu öz stadionumuzda izləsinlər. Bunun üçün arenamızın təmirinə xeyli vəsait sərf etmişik.

- Poltavada hava limanı sarıdan problem var. Buna görə də "Qarabağ" "Vorskla" ilə səfər oyunundan dərhal sonra qayıda bilmədi...

- "Qarabağ"ın qayıdışına mane olan problem həll olunub. Artıq belə çətinlik yoxdur. Digər tərəfdən, problem hava limanı ilə bağlıdırsa, biz də Kiyevədək avtobusla 350 km yol qət etməliyik. Elə isə necə olur ki, "Arsenal" Poltavaya avtobusla gələ bilmir? Heç olmasa, UEFA əvvəlcədən bizi məlumatlandırardı.

- Məsələyə nə zaman tam aydınlıq gələcək?

- Hazırda təşkilati məsələlərlə məşğuluq. Bizə elə bir stadion veriblər ki... "Olimpiyski" heç Ukrayna yığmasının ev oyununun keçirilməsini təmin edə bilmir. Buna görə paytaxt stadionuna hansısa irad bildirməyimiz mümkün deyil. Çünki əvvəldən bu arenaya müraciət etməmişik. Orada təhlükəsizliyə kim cavabdehlik daşıyacaq? Çoxlu açıq məsələ var. Hazırda biz bunlarla məşğuluq. Nəyə görə Poltavada oynamaq olmaz?

- İndi hamını bu sual maraqlandırır: Oyun harada olacaq?

- Təəssüf ki, indi bu suala cavab verə bilməyəcəyəm. Çünki bu, məndən asılı deyil. Təklif olunan stadion oyunumuzu təşkil edə bilsə, görüş orada olacaq. Amma "Olimpiyski"də matçın təşkili üçün arzu və imkanın olduğunu hələlik görmürəm. 

Son xəbərlər

Orphus sistemi