Ümumittifaq dərəcəli referi: Son iki turda VAR-da əcnəbi hakimlərin olmasına müsbət baxıram

Futbol
  • 17 may, 2024
  • 08:37
Ümumittifaq dərəcəli referi: Son iki turda VAR-da əcnəbi hakimlərin olmasına müsbət baxıram

Son iki turda Azərbaycan Premyer Liqasında VAR-da (Video Köməkçi Hakim) əcnəbi hakimlərin olmasına müsbət baxıram.

Bunu "Report"a açıqlamasında ümumittifaq dərəcəli referi, AFFA Veteranlar İttifaqının sədr müavini Rüstəm Rəhimov deyib.

O, bəzi ölkələrin də bu praktikadan yararlandığını bildirib: "Əcnəbilər gələndən sonra söz-söhbətlər də azalacaq. Hansı ölkə təmsilçiləri olduğunu bilmirəm. Amma hər halda, VAR sahəsində təcrübəli referilər olar. Mən də ilk olaraq mətbuatdan eşitdim. Bizdə VAR-da problemlər var. Əslində, demək olar ki, çox ölkələrdə bu problem mövcuddur".

R.Rəhimov Premyer Liqanın bəzi matçlarında VAR-da epizoda 3-5 dəqiqə baxıldığını söyləyib: "Təcrübəli, işi bilən şəxsləri çağırırlarsa, buna normal baxmaq lazımdır. VAR-a uzun müddət baxmaq matçın tempinin aşağı düşməsi deməkdir. Hətta qərarlarda səhvlər də olurdu. Məşqçilərimizin də VAR-dakı hakimliklə əlaqədar narazılıqları var. Klublar VAR-dakı referinin səhvinə görə avrokubokdan kənarda qala bilər. Rəhbərlik də komandanın baş məşqçisindən hesabat tələb edəcək".

"Məndə olan məlumata görə, Hakimlər Komitəsinin sədri Barış Şimşək VAR üzrə ixtisasçı idi. O, hakimləri hazırlamalı idi. Artıq iki ildir ki, Bakıdadır. VAR-da işləmək spesifikdir. Bunun da peşəkar mütəxəssisi olmalıdır. Baş hakimlə sintez olmalıdır. Bəzən Premyer Liqamızda eyni epizodda fərqli qərarlar da verilir. Beləliklə, məşqçilərdə də şübhə yaranır", - deyə Veteranlar İttifaqının sədr müavini vurğulayıb.

Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuata açıqlamasında Premyer Liqanın son iki turunda VAR-da əcnəbi ədalət təmsilçilərinin yer alacağını açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti