"Yenidənqurma işlərindən sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq ilk oyunun hansı olacağı hələlik məlum deyil".
Bunu "Report"a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
O, arenada Premyer Liqa matçlarını keçirmək üçün tamamlanma işlərinin davam etdiyini bildirib: "Müxtəlif ehtimallar var. Bunlar işlərin gedişatına görə dəyişə bilər. Hazırda orada çəkiliş üçün meydança-platformalar quraşdırılıb, media nümayəndələri üçün xüsusi sektor hazırlanıb. Bununla belə, bir sıra nüanslar var ki, onlar üzərində iş gedir. İstənilən halda, görüləcək işlərin zaman alacağını düşünmək olar".
Z.Xudiyev "Qarabağ"la növbəti turun matçının bu stadiona salınma ehtimalına isə belə cavab verib: "Bu, mümkün görünmür".
Qeyd edək ki, PFL Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün növbəti 5 turunun oyun cədvəlini açıqlayıb. Proqrama əsasən, "gənclik şəhəri" təmsilçisinin ev qarşılaşmaları ilin sonuna qədər "Kapital Bank Arena"da keçiriləcək. Dekabrın 8-də reallaşacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 19:30-da start götürəcək.