"Azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, dolu tribunalar önündə III təsnifat mərhələsinə doğru bir addım atacağıq. Bu mövsüm klubun ambisiyaları daha böyükdür".
"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" klubunun məşqçisi Pavle Delibasiç evdə "Sumqayıt"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
34 yaşlı mütəxəssis qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib: "Ancaq əvvəlcə "Sumqayıt"la matçları düşünürük".
Serbiyalı məşqçi UEFA-nın səfər qolu qaydasını ləğv etməsi barədə danışıb: "Bu, yaxşı qərardır və ilk matçda tələsməyəcəyik. Çünki bizi Azərbaycanda cavab görüşü gözləyir".
Delibasiç "Sumqayıt" barədə məlumat toplamaqda çətinlik çəkdikərini etiraf edib: "Onların son oyunları haqqında material əldə etmək çətin idi. Əsasən keçən mövsümdən kardları izləmişik. Rəqibin intizamlı müdafiə olunan komanda olduğunu bilirik".
Qeyd edək ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.