Səlahət Ağayev: "Yenidən Azərbaycan millisində çıxış etmək istəyirəm"

Səlahət Ağayev: "Yenidən Azərbaycan millisində çıxış etmək istəyirəm" "Sabah" klubunun qapıçısı Səlahət Ağayevin "Report"a müsahibəsi
Futbol
141
19 Yanvar , 2022 12:07
Səlahət Ağayev: Yenidən Azərbaycan millisində çıxış etmək istəyirəm
Səlahət Ağayev

"Sabah" klubunun qapıçısı Səlahət Ağayevin "Report"a müsahibəsi

- Türkiyənin Antalya şəhərindəki qış təlim-məşq toplanışınız necə keçir?

- Artıq 1 həftədən çoxdur ki, Antalyada toplanışdayıq. Hazırlıq prosesi yaxşı keçir. Burada mövsümün ikinci yarısına daha da yaxşı hazırlaşmağımız üçün hər cür şərait var.

- İlk yoxlama oyununda Macarıstan "Pakş"ı ilə 1:1 hesablı heç-heçə etdiniz. Komandanın oyun planında hansı dəyişikliklər gözə çarpır?

- Bu, 2022-ci ildəki ilk matçımız idi. Əsas heyət üzvləri ilə yanaşı, gənclər də şans qazandılar. Toplanışda keçirəcəyimiz hər qarşılaşma səhvləri görməyimiz baxımından bizim üçün vacibdir.

- "Sabah" Murad Musayevin gəlişindən sonra Premyer Liqada nəticələrini yaxşılaşdırıb. Komandada problem baş məşqçi idimi?

- Murad Musayevin oyun tərzi komandaya tam uyğundur. O, əsl peşəkardır. Belə mütəxəssislə çalışmaq bizim üçün də xoşdur. Mövsümün əvvəlindəki oyunumuza gəldikdə, düşünürəm ki, komanda ilk dövrədə də pis çıxış etmirdi. Demək olar, əksər matçlarda rəqiblərdən üstün oyun sərgiləsək də, yekun nəticə istədiyimiz kimi alınmırdı. Burada bəxtsizliklə yanaşı, komandanın bir-birinə tam uyğunlaşmamasını da səbəb göstərmək olar. Ancaq indi keçmiş barədə düşünmək yox, yalnız irəli baxmaq və qarşıdakı görüşlərə köklənmək istəyirik.

- Serbiyalı qapıçı Saşa Stamenkoviçin karyerasını bitirməsindən sonra əsas heyətdə tam möhkəmlənəcəyinizi demək olar?

- Komandanın hər üzvü əsas heyətdə yer almaq istəyir. Bunun üçün hər kəs də məşqlərdə əllərindən gələni edir. Kimin start heyətdə oyunlara çıxacağına isə baş məşqçi qərar verəcək.

- "Sabah"ın bu mövsüm hədəfi nə ola bilər?

- Əsas hədəf qarşıdakı görüşlərin hər birində qələbə qazanmaqdır. Sonadək döyüşmək istəyirik.

- Bir vaxtlar milli komandaya müntəzəm dəvət alırdınız. Yenidən özünüzü göstərərək Canni De Byazinin diqqətini cəlb etmək istəyirsiniz?

- Millidə çıxış etmək hər futbolçu üçün fəxrdir. Əlbəttə, yenidən yığmanın formasını geyinmək istəyirəm. Mənim işim klubumda özümü yaxşı tərəfdən göstərməkdir. Millidə kimin çıxış edəcəyinə isə yığmanın məşqçiləri qərar verir.

Son xəbərlər

Orphus sistemi