Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
"Report"un məlumatına görə, turun sonuncu matçında "Səbail" "Qarabağ"ı qəbul edib.
"ASCO Arena"da keçirilən qarşılaşmada Ağdam təmsilçisi rəqibini darmadağın edib - 4:0.
Görüşdə hesabı ikinci dəqiqədə Dani Kintana açıb. 29-cu dəqiqədə gənc futbolçu İsmayıl İbrahimli topu "Səbail"in qapısından keçirib. Yarımmüdafiəçi 59-cu dəqiqədə fərqlənməklə fərqi daha da artırıb. 62-ci dəqiqədə Mahir Emreli növbəti dəfə paytaxt təmsilçisini məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 9-cu xalını qazanaraq çempionatın vahid lideri olub. "Səbail" isə 6 xalla "Keşlə" ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
Bu gün keçirilən digər matçda "Neftçi" evdə "Sumqayıt"ı üstələyib - 2:1. İlk oyun günündə "Keşlə" səfərdə "Qəbələ"yə böyük hesabla qalib gəlib - 4:0. "Zirə" - "Sabah" dueli isə heç-heçə ilə yekunlaşıb - 1:1.
***21:16
Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Səbail" - "Qarabağ" matçı gec başlayıb.
"Report"un məlumatına görə, "Asko Arena"dakı qarşılaşmanın start fiti 3 dəqiqə yubanıb.
Görüşün gec başlama səbəbi hələ ki, bəlli deyil. Lakin bu, böyük ehtimalla hansısa komandanın arenaya gecikməsi ucbatından baş verib.
AFFA İntizam Komitəsi ötən mövsümdə də oyunun və ya ikinci yarının gec başlamasına görə bəzi klubları cəzalandırıb.
Görüşdə birinci hissə oynanılır və "Qarabağ" 1:0 hesabı ilə öndədir.