Samir Abasov: "Qarabağ"ın itirəcəyi xal bizə stimul verir"

Samir Abasov: "Qarabağ"ın itirəcəyi xal bizə stimul verir" "Bütün oyunlarda qələbə qazansaq, son tura kimi intriqanı saxlaya bilərik"
Futbol
15 Aprel , 2021 17:58
Samir Abasov: Qarabağın itirəcəyi xal bizə stimul verir
Samir Abasov

"Hər şey normaldır və öz axarı ilə gedir. "Zirə" ilə görüşə hazırlaşırıq, rəqibin və oyunun əhəmiyyətini başa düşürük".

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXIII tur matçından əvvəl "Report"a açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bu il çətin anlar yaşadıqlarını bildirib: "Zirə"yə bir dəfə də olsun, qalib gələ bilməmişik. Yaxşı, mütəşəkkil və intizamlı komandaya qarşı oynayacağıq. Bilirik, başa düşürük, qalan oyunların bizim üçün əhəmiyyətli olduğunu da anlayırıq. Bunu oyunçulara aşılamağa çalışırıq".

Baş məşqçi son iki görüşdə xal itirmələrinə də toxunub: "Çempionluq üçün bütün şanslarımız qalır. 5 xal itirsək də, şansları qoruyub saxlayırıq. Buna görə əl-qolumuzu sallayası deyilik. Panikaya düşüb üzülməyə də vaxtımız və haqqımız yoxdur. Xal itkilərindən maksimum nəticə çıxarmalıyıq".

Abasov əsas rəqibləri "Qarabağ"ın hansı görüşlərdə xal itirə biləcəyi ilə bağlı haqq-hesab aparmadıqlarını sözlərinə əlavə edib: "Əsas rəqibimizin də oyunu bizim üçün çox önəmlidir. Onların itirəcəyi xal bizə də stimul olur və bizi yarışda saxlayır. Hər şey öz əlimizdədir. Bütün oyunlarda qələbə qazansaq, son tura kimi intriqanı saxlaya bilərik".

Mütəxəssis "Zirə"nin oyun sistemi haqqında da danışıb: "Dəfələrlə demişəm ki, Rəşad Sadıqov yaxınımızdır və dostumuzdur. Komandası da göz önündədir. Bu gün üçüncü sırada gedirsə, bu, əbəs yerə deyil. Özü özbaşına buralara gəlməyib, bu, baş məşqçinin işidir. Komandası da əla qurulub. "Zirə" oyunun içində nə etmək lazım olduğunu yaxşı bilir. Bu da rəqiblərə problem yaradır. Yaxın münasibət və dostluq meydandan kənardadır. Həftəsonu iki rəqib üz-üzə gələcək".

Baş məşqçi Aqil Məmmədovun "Neftçi"də əsas qapıçı olmadığını söyləyib: "Əlimizdə iki qapıçı və bir cavan qolkiper var. Hamısı bu dəqiqə eyni durumda olan oyunçulardır. Sadəcə çox oynamadığı üçün hansısa qapıçıda bir az psixoloji problem ola bilər. Səlahət Ağayev hazırda bunun əziyyətini çəkir. Bu gün kiminsə bir nömrəli qapıçı olduğunu deyə bilmərəm".

Abasov baş məşqçilik etdiyi keçmiş komandalarına qarşı oyunlarda problem yaşamasına da aydınlıq gətirib: "Yəqin ki, rəqiblər oyun üslubumu bilirlər. Biz onları necə analiz edib araşdırırıqsa, onlar da edir. Söhbət "Zirə"dən gedirsə, biz pis oynamamışıq. Sadəcə, xal yığa bilməmişik. Ümid edirəm ki, həftəsonu bu sindromu qıracağıq".

Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi