"Oyun normal keçdi. Yaxaladığın qol vəziyyətlərindən fərqlənə bilməyəndə belə olur. Amma uşaqlar istəkli idilər. Pis oynamadıq. Bilirdik ki, belə olacaq, qapalı rəqibə qarşı çıxış edəcəyik. Bəzi epizodlarda bu, alındı".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis imkanlardan yararlana bilməmələrinə təəssüfləndiyini bildirib: "Amma çox da üzülmürəm. Ömər Buludov iki epizodda mübarizəyə girirsə, deməli nəyəsə nail olmuşuq. Son dəqiqələrdə Romen Baskın zərbəsi qolla nəticələnsəydi, nəticə başqa cür ola bilərdi".
Abasov bildirib ki, "Neftçi"nin sükanı arxasına keçdikdən sonra Sumqayıt şəhərində flaqman azarkeşləri çoxalıb. O, həmin fanatlara təşəkkürünü bildirib: "Məncə, artıq vaxtdır, azarkeşlər tribunaları doldurmalıdır. Elə ölkələr var ki, tribunalar tam dolur. Amma indi nə isə demək çətindir. COVID təhlükəsi, insan sağlamlığı amilini nəzərə almalıyıq. Azarkeşləri buraxmamaqla insanlarımız sağlam olacaqsa, qoy, elə bu cür də qalsın".