“Sabah” Premyer Liqada 40-cı məğlubiyyətini alıb.
"Report" xəbər verir ki, Bakı klubu III turun “Qəbələ” ilə ev oyununda uduzub – 0:2.
Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.
Cari mövsümün hər üç matçında uduzan “Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə “Sumqayıt”dan alıb – 1:4.
“Sabah”la oyun “Qəbələ” üçün isə yubileylə əlamətdar olub. "Qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb. Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən komandanın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan əyalət təmsilçisi 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.
Premyer Liqada əlamətdar səfər qələbələri
1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1
25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” - 0:2
75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatdırıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/2016 və 2016/2017 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.