"Zenit" klubunun heyətində Rusiya çempionu olan Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva "Report"un suallarını cavablandırıb.
22 yaşlı müdafiəçi karyerasındakı hədəflərindən, legioner həyatı yaşamasından və Azərbaycan yığmasından danışıb.
- İlk olaraq Rusiya çempionluğu ilə bağlı fikirlərinizi eşitmək istərdik. Hansı hissləri keçirirsiniz?
- Ardıcıl ikinci dəfə bu komanda ilə titula sahib çıxdım, qızıl medalların sevincini yaşadım. Çox gözəl hissdir. Komanda olaraq çox xoşbəxtik.
- "Zenit"də ikinci mövsümünüzdür. Hansı çempionluq daha çətin idi?
- Çempionluqlar asan əldə olunmur. Amma deyə bilərəm ki, mənim və komandam üçün bu mövsüm daha çətin və ağır keçdi.
- Rusiya təmsilçiləri sanksiyalar ucbatından UEFA turnirlərində iştirak edə bilmirlər. Bu, sizə necə təsir edir?
- Buna təəssüflənirik. Buna görə məyusuq. Çempion olmuşuq, amma ölkə xaricinə çıxa bilmirik. Ümid edirəm ki, sanksiyalar aradan qalxacaq və bu hissi daha gözəl yaşayacağıq.
- 2021-2022-ci illər aralığında Rusiyada "Rubin"in formasını geyinmisiz. Ümumiyyətlə, legioner həyatı yaşamaq necə hissdir?
- İlk vaxtlar bir az çətinlik çəkirdim. Bunu etiraf etməliyəm. Bu da sırf ailədən, ölkədən uzaq olmaqla bağlı idi. Amma sonradan öyrəşə bildim.
- Bu müddətdə hansısa çətinliklə üzləşmisiniz?
- Bayaq da qeyd etdiyim kimi, ailəmdən, ölkəmdən, dostlarımdan uzaq qalmaq bir az məni çətinə salmışdı. Amma sonradan təkliyə öyrəşdim və legioner həyatıma davam etdim.
- "Rubin"də "Zenit"ə nisbətən daha çox forma şansı əldə edirdiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bunun, sadəcə, bir səbəbi var. "Zenit" çox güclü komandadır. Burada rəqabət daha çoxdur. Bütün oyunçular heyətə düşmək üçün əllərindən gələni edirlər.
- Azərbaycan yığması Avropa çempionatının pley-off mərhələsində Portuqaliyaya hər iki matçda məğlub oldu - 1:4, 0:4. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu qarşılaşmalar artıq geridə qalıb. Bu barədə çox danışmaq istəmirəm.
- Bəs 2025-ci ildə start veriləcək Millətlər Liqasının qrup mərhələsində şansları necə görürsünüz?
- Düşünürəm ki, Monteneqro və Litvanın yer aldığı qrupda lider ola bilərik. Biz daha əvvəl də bu hissləri yaşamışıq. Yenidən bunu bacaracağımıza çox inanıram.
- Karyeranızla bağlı əsas hədəfləriniz nədir?
- "Zenit"lə müqaviləm davam edir. 2026-cı ilədək burada qalacağam. Həm hazırkı klubum, həm də milli komanda ilə yaxşı nəticə qazanmaq istəyirəm. Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyəm.