"Bakı "İnter"ində çıxış etdiyim vaxt bir dövr oldu ki, 1991-1992-ci il təvəllüdlülər ya I Diviziona, ya da Premyer Liqaya yönəlməli idilər. Ən əsası, öz həvəsim futzala oldu. Çünki həmin vaxt futbol millimiz Avropa çempionatında çıxış edirdi".
Bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüsenli "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində qonaq olarkən deyib.
30 yaşlı qolkiper futzalın daha adrenalli və hərəkətli oyun olduğunu bildirib: "Böyük futbolda bir qədər hərəkətsizlik var. Oranın öz çətinlikləri mövcuddur. Yəni, futzalda daha çox hücum və müdafiə olur. Televiziya vasitəsilə və atamla birgə canlı izlədikdən sonra futzala həvəsim yarandı. Atamla da məsləhətləşdikdən sonra ilk dəfə "Neftçi" İSM klubuna keçdim. İlk məşqçim Əbdülqəni Nurməmmədov olub. Onun bura gəlməyimdə böyük əziyyəti olub. Buna görə təşəkkürümü bildirirəm".
Hüseynlinin sözlərinə görə, o, böyük futbolda qalsaydı, rəqabət apara bilərdi: "Hər şey insanın xarakterindən asılıdır. İnsan nəinki idmanda, həyatda da rəqabətlə üz-üzə qalır. Öz sahəsində rəqabətdən qaçan insan həyatda da rəqabətdən qaçacaq. Düşünürəm ki, böyük futbolda qalsaydım, rəqabət aparardım. Demək düzgün olmaz ki, mən ölkənin 1 nömrəli qapıçısı və ən güclüsü olardım. Amma ən azı üzərimdə çalışardım. Böyük futbolda qalsaydım, çatışmayan cəhətlərimin üzərində işləyib fərqlənən idmançılardan olardım".