Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Krallığın futbol çempionatı matçında "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub.
"Report"un məlumatına görə, XVIII turun görüşü "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ronaldu 19 və 68-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirib. “Əl-Nəsr”in heyətində Anderson Talişka (38) və Sadio Mane (76, 82) də fərqlənib. Məğlub komandanın heyətində isə hər iki qolu Abderrazak Hamdallah vurub (14, 52).
38 yaşlı Ronaldu 2023-cü ildə 53 qol vuraraq, PSJ-nin fransız hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni (hər ikisi 52 qol) geridə qoyub. PSJ və "Bavariya" 2023-cü ildə bir daha oyun keçirməyəcək.
Ronaldu 5 dəfə "Qızıl top"un, 5 dəfə Çempionlar Liqasının, həmçinin Avropa çempionatının və Millətlər Liqasının qalibidir.